Şəhid əmanətlərinə təşəkkür süfrəsi | Video+Fotolar

   Şəhid əmanətlərinə təşəkkür süfrəsi    | Video+Fotolar
  13 Aprel 2024    Oxunub:1586
Hüznün və qürurun ünvanı şəhidlərimizin ailələrini fərqli tədbirlərdə müxtəlif səbəblərlə bir araya toplayan “Fireland Group” növbəti layihəsi ilə şəhid analarını Ramazan süfrəsi ətrafında cəm etdi. “Mənim Atam Qəhrəmandır” və “Mənim Oğlum Qəhrəmandır” layihələri çərçivəsində keçirilən silsilə tədbirlərlə İkinci Qarabağ müharibəsində və Antiterror əməliyyatlarında şəhid olmuş qəhrəmanlarmızın 3000-ə yaxın əmanətini müxtəlif formatlı 50 tədbirdə bir araya gətirən “Fireland Group” Ramazan bayramı ilə əlaqədar olaraq Azərbaycanın bütün bölgələrindən olan, bu günədək tədbirlərdə iştirak etməyən 300-ə yaxın şəhid anasını ilk dəfə bir süfrə ətrafına toplayıb, bayramı onlarla birlikdə qeyd etdi.
Dünyaya gətirdikləri övladlarını vətənə fəda edərək cənnətdə çiçək yetişdirən analarımızın yanan qəlblərinə və ocaqlarına az da olsa, su çiləmək üçün “Mənim oğlum qəhrəmandır” komandasının həyata keçirdiyi bu tədbir onlar üçün “Könül süfrəsi” oldu.


Eyni kədəri, eyni qüruru, bir qəhrəmanlıq hekayəsini paylaşanlar fərqli rayonlardan, lakin yenə də bir Azərbaycan naminə biraraya gəldilər. Qara libas, bəyaz saçların içərisindən bizə yansıyan hüzn qarışıq qüruru görməmək mümkün deyildi. Onların bəzəklərini sinələrindəki övladlarının rəsmi, simalarındakı Azərbaycana yaşatdıqları Zəfər qüruru əvəz etmişdi.


Bu “Könül süfrəsi” həm də bir “Zəfər hekayəsi” idi ki, bu hekayə analarımızın bizi böyütdüyü hekayələrdən tam fərqli idi. Bu hekayənin qəhrəmanı kiminin oğlu, kiminin isə atasıydı.


Tədbir Səmayə ananın başçılığı ilə şəhid analarının övladlarına öz əlləri ilə ehsan etdikləri halvanın çalınması ilə başladı. Göz yaşı ilə dağ boyda vüqarın vəhdəti tədbir iştirakçılarına hüznlü və fəxarət dolu hisslər yaşatdı.


“Fireland Group”un rəhbəri, AYB-nin üzvü, “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələrinin təşkilatçısı Cəlal Qurbanov bütün bölgələrimizdən, rayonlarımızdan, hətta ən ucqar kəndlərimizdən belə dəvəti qəbul edib bu tədbir üçün yol qət edən analarımızla eyni süfrəni, eyni hissləri, duyğuları və onlara olan sevgini paylaşmaqdan qürur duyduğunu dilə gətirdi.

Cəlal Qurbanov: “Şəhid ailələri bizim ən dəyərli ünvanımızdır”

“Övlad sevginizi Vətən sevgisi içərisində əridərək daim gözü yaşlı, lakin başı dik, onurlu və qürurlu dayanan şəhid analarımız, məhz bu qamətinizə görə siz bizim Zəfərimizin qadın qəhrəmanlarısınız. Övladlarınız Vətənimizə, dualarınız isə bizə mayakdır. Nə övladlarınıza, nə də sizə əsla ödənməyəcək bir borc daşıyırıq üzərimizdə. Sizin üçün nə etsək, azdır və əskikdir. Onların qürurunu daşımaq, ailələrinə, əmanətlərinə sahib çıxmaq əlimizdən və ürəyimizdən gələn bir əməldirsə, bunu sizdən əsirgəməmək vəfa borcumuzdur. Bu günün səbəbi Ramazan, niyyəti isə sizinlə diqqətimizi, qayğımızı və sevgimizi bölüşəcəyimiz “Könül süfrəsi”dir.


Cənab Prezidentimiz İlham Əliyevin timsalında dövlətimizin sizin kimi həssas analarımıza, şəhidlərimizin əmanətlərinə olan davamlı qayğısı sizə olan dəyərin təcəssümü, bizə isə bir vətəndaş kimi qarşımıza qoyulan vəzifə borcudur. Cənab Prezidentimiz və Mehriban xanımın timsalında bugünkü “Könül süfrəsi”nə öz mənəvi qatqıları olan və bütün tədbirlərimizdə bizdən dəstəyini əsirgəməyən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərova, Daxili İşlər Nazirliyi şəxsən Vilayət Eyvazova, Müdafiə Nazirliyinə - şəxsən Zakir Həsənova, Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəisi Mirsaleh Seyidova, şəhid ailələrimizin istirahətlərinin ən yüksək səviyyədə təşkilində əllərindən gələnin daha artığını etməyə çalışan Turizm Agentliyinə və sədri şəxsən Fuad Nağıyevə, deputatlarımız Ziyad Səmədzadəyə, İlham Məmmədova, Azman Holdinqə-rəhbəri Azər Əsgərova, Saffron Groupun rəhbərliyinə və ifaları ilə könüllərimizi xoş edən incəsənət xadimlərimizə və daim yanımızda olan dostlarımıza təşəkkür edirik.


Tədbir boyunca tanınmış incəsənət xadimlərinin, xalq artistləri Alim Qasımov, Könül Xasıyeva, Mələkxanım Eyyubova, Nazpəri Dostəliyeva, həmçinin xanəndələr Mirələm Mirələmov, Günay İmamverdiyeva, Leyla Rəhimova, Kamilə Nəbiyeva və Şuşam Xorunun könülləri məftun edən ifaları məhz analarımız üçün səslənərək gecəyə rəng qatdı. Alim Qasımov “Xatirədir” mahnısı ilə hər kəsi xatirələrə daldırarkən, Könül Xasıyeva “Gecələr”ilə analarımızı hüznləndirdi. Xalq artisti Nazpəri Dostəliyeva isə övlad itkisini yaşayan bir ana kimi anaların acısına ortaq olduğunu dedi.


Nazpəri Dostəliyeva: “Sizin dərdinizi bütün Azərbaycan çəkir, amma mən bir sənətkar olaraq, o dərdi tək çəkirəm”

Qəhrəman övladın qürurlu anası olmağın da bir seçilmişlik olduğunu tədbirin aparıcılığını öz üzərlərinə götürən Lalə Azərtaş və Nailə İslamzadə çıxışlarında seçdikləri hər kəlmə ilə dilə gətirdilər.


Səmayə Həşimova: “Türk əyilməz, əyilsə də sınmaz”

“Mənim oğlum qəhrəmandır” layihəsinin simvolik portreti, qəhrəman ana surətinin sahibi, Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimovanın çıxışı isə şəhid anaları üçün bir stimul oldu. Qarşılıqsız və sərhədsiz sevgisi, şəfqəti və fədakarlığı ilə qəhrəmanların elə qəhrəman analardan doğulduğunu deyən, o anaların özlərinin də bir fədai olduğunu vurğulayan Səmayə ana varlığı və duruşu ilə bir daha etalon olduğunu nümayiş etdirdi. Tədbir iştirakçıları şəhidlərimizlə bərabər Səmayə ananın timsalında bütün şəhid analarına da simvolik olaraq “Zəfərimizin qadın qəhrəmanları” abidəsinin ucaldılmasından məmnunluq duyacaqlarını duyurdular. “Türk əyilməz, əyilsə də, sınmaz” deyən Səmayə ana şəhid analarını türk qadınlarının qəhrəmanlıq simvolu adlandırdı.


Qələminin gücü ilə dosta fəxarət, düşmənə könül dağı olan Ramiz Rövşən isə çıxışında millətimizin məğlubedilməzliyini öz sətirləri - “Oğlum olsa, adını Vətən qoyarsan” deyən bir millət məğlub olmaz deyə ifadə etdi.

Ramiz Rövşən: “Şəhidlərimiz mənə Vətənə tərif yazdırdı”

Millət vəkilləri Ziyad Səmədzadə və İlham Məmmədov isə öz çıxışlarında şəhid ailələrinə və qazilərə dövlət qayğısını xüsusi vurğuladılar. İlham Məmmədov Cənab prezident İlham Əliyev və Mehriban xanımın diqqətini və qayğısını vətəndaş olaraq özlərinə yol xəritəsi adlandırdı. Ziyad Səmədzadə qəhrəman analarımızın da övladları ilə birlikdə tarixdə qalacaqlarını və dövlətimiz kimi şəhid ailələrinə qayğı göstərən ikinci bir dövlətin olmadığını xüsusilə qeyd etdi.


Xuraman Məmmədova: “Şəhid ailələri ilə görüşlər keçirən müəllimdim, indi şəhid anası olmağın vüqarını yaşayıram”

Tədbir boyunca duyğularını dilə gətirən şəhid anaları və şəhid nənələri isə bir oğul böyütdük, amma minlərlə oğul anasıyıq dedilər. Antiterror əməliyyatları zamanı şəhid olmuş Rasim Məmmədovun anası Xuraman Məmmədova dövlətimizin onlara göstərdiyi istər maddi, istərsə də, mənəvi cəhətdən sosial qayğının önəmini vurğulayaraq ölkə başçımız İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanımın qayğıkeşliyini, hümanizmini onlara göstərilən ən bariz nümunə kimi yüksək dəyərləndirdi: “Mən bir müəllim və vətəndaş kimi hər zaman şəhid ailələri, övladları ilə görüşlər keçirirdim. Birinin acısını paylaşmaq asandır, o acını özün çəkməyənədək. Heç bir zaman düşünməzdim ki, qürurla andığımız şəhidlərimizin sırasına mənim övladım, təskinlik verilən ailələrin sırasına isə mən qoşularam. Dövlətimizin, cənab Prezidentimizin, Mehriban xanımın şəhid anası kimi yox, elə bizim övladımız kimi bizə göstərdiyi diqqətin qarşılığında bu gün üzülmək, göz yaşı axıtmaq bizə yaraşmaz.


“Mənim oğlum qəhrəmandır” və “Mənim atam qəhrəmandır” layihələri ilə ən ucqar rayonlarımızdakı şəhid əmanətlərinin belə daim diqqət mərkəzində saxlanıldığına, göstərilən həssaslığa görə dövlət başçımıza minnətdarlığını vurğulayan Xuraman xanım bütün şəhid anaları adından çıxış edərək, “Cənab Prezident bir daha sübut etdi ki, vətən üçün canını fəda edənlərə və onların ailələrinə dövlətin diqqəti və qayğısı əbədi və sonsuzdur” dedi. Bu diqqətin qarşılığında isə öz minnətdarlıqlarını ifadə etdilər.

Qalereya




Teqlər: Şəhidlərimiz   Mənim-oğlum-qəhrəmandır  





Xəbər lenti